Baş Bet » Azərbaycan, Söyleşi » “Ədəbiyyat müəllimlərinin üzərinə böyük vəzifə düşür” (Foto)

“Ədəbiyyat müəllimlərinin üzərinə böyük vəzifə düşür” (Foto)

Müsahibimiz Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadədir

- Nailə xanım, Sizi oxuculara necə təqdim etməmi istərdiz – peşəkar jurnalist, Azərbaycanın dəyərli ziyalı xanımı, yoxsa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul işçisi kimi?!

- Hər üç təqdimat xoşdur mənə.

- Həyat yolunuz haqqında qısaca danşmağınızı istərdim.

- Balakən rayonunda doğulmuşam. Rus dili və Ədəbiyyati İnstitutunda (indiki Slavyan Universiteti) oxuyarkən müsabiqə yolu ilə Dövlət Televiziyasında işə qəbul olunmuş, diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərmişəm. İşlədiyim müddət ərzində “Xəbərlər” proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində “Ailələr, talelər” verilişinin müəllifi olmuşam. Hal-hazırda Rabitə və İnformasiya Texnologiyarı Nazirliyində Multimedia Mərkəzinin rəisiyəm.

- Sizi sevən çoxsaylı insanlarımızı maraqlandıran və hər kəsin vermək istədiyi bir sual: Televiziyadan niyə getdiniz?

- Təbii ki, 25 il işlədiyim və elə ilk illərdən ən məsuliyyətli verilişlərə bütün həyatımı, bacarığımı, qüvvəmi həsr etdiyim televiziyadan getmək istəməzdim, eləcə də mənim kimi yüzlərlə həmkarlarım. Arxasınca milyonlarla tamaşaçını apara bilən peşəkar jurnalist və aparıcı yetişdirmək üçün illər lazım gəlir. Baxın, görün, indi onları kimlər əvəz edir. Danışan kimdir və onu necə qəbul edirsiniz? Ona inanırsınızmı? Özünüz baxın telejurnalistikada neçə şəxsiyyət var? Yaxşı jurnalist, yaxşı aparıcı televiziyanın üzüdür. Əgər bu üz itərsə…? Kimlərinsə şəxsi ambisiyalarına görə indi orda illərlə çiyin-çiyinə çalışdığım, hörmət etdiyim peşəkar insanlardan demək olar ki, heç kim yoxdur. İstər yaşlı, istər orta, istərsə də cavan nəsildən.

- Televiziyadan söz düşmüşkən – televiziyaların çağdaş durumu Sizi qane edirmi?

- İndi informasiya almaq imkanı çox genişdir. CNN 24 saat xəbərlər verir, non-stop rejimində kino, idman kanalları, elmi-kütləvi “Discovery”, stereo rejimdə musiqi kanalları və sairə. Hərə öz zövqünə uyğun harada yaxşı nə var ona baxmağa çalışır. Baxmaq və müqayisə etmək üçün imkanlar çoxdur. Bizim televiziyalarda rəqabətlik qanunu bərabərlik prinsipinə gətirib çıxarıb. Səndə oyun, mən də də oyun, səndə ailə haqqında, mən də də ailə haqqında və s. Demək olar ki, kanallarımızda mövzular təkrarlanır. O gün televiziyanı açdım, gördüm bir aparıcı tanınmış birisini qarşısında oturdub, ona suallar verir. Mən o tanınmışı ondan əvvəl üç kanalda eyni suallara cavab verərkən görmüşdüm. Təbii ki, bu insanın dedikləri mənim üçün maraqlı deyil və jurnalist onun görünməyən tərəfini aça bilmirsə, deməli peşəkar deyil.

Televiziya KİV-lərin içərisində ən kütləvisi kimi insanları yaxşılığa, aydınlığa, özünüdərkə, həyatın mənasını anlamağa, obyektivliyə yönəltməlidir. Təbii ki, bizim baxımlı verilişlərimiz, peşəkar jurnalistlərimiz var. Amma bir çoxlarına baxanda adama elə gəlir ki, onlar “əyalət incəsənət universitetini” bitiriblər. Çoxları burda yaxşı pul qazanmağı sevirlər. Yəni peşənin özünü yox, peşənin onlara verdiklərini daha üstün tuturlar. Şəxsən mənim üçün televiziya həyat tərzi idi, hər şeydən üstün sənət idi. Axı veriliş onun müəllifini populyar etmək və ona pul qazandırmaq məqsədini daşımır. Veriliş hər tərəfli uğurlu olanda populyarlıq öz-özünə gəlir. Əslində indi populyar olmaq asandır. Ekranlardan tanıdığımız o qədər insan var ki. Amma onlarin hamısına hörmət edir və sevirikmi?

- Bayağı verilişlərin, səviyyəsiz “magazin” proqramlarının “meydan sulaması” nədən irəli gəlir? Sizcə bu, tamaşaçı zövqünün aşağı olmasından, yoxsa, televiziya rəhbərlərinin qeyri-peşəkarlığından qaynaqlanır?

- Bu, bizim televiziyalarin və cəmiyyətin ağrılı problemidir. Bu yaxınlarda bir tanışım dedi ki, indi televiziya biznesdir. Bəziləri cavab verdi ki, televiziya ictimai fikrə təsir göstərən, maarifləndirən, zövqü formalaşdıran təbliğat alətidir. Mən hər iki fikirlə həm raziyam, həm də yox.

Təəssüf ki, televiziya böyük miqyaslı kazinoya çevrilib. Belə olduğu halda heç vaxt sənət qiymətləndirilə bilməz. Televiziyada göstərilən yaxşı da, pis də təbliğatdır. Ona görə respublikada təbliğata, maariflənməyə məsuliyyətli adamlar bu barədə düşünməlidirlər. Onlardan daha çox televiziya rəhbərləri və jurnalistləri düşünməlidir. Yüngül proqramlar yüksək reytinqli olur deyə baş “sındırmaq” istəmirlər. İstəsələr də çoxunun bacardığı elə ora qədərdir. Bu reytinqi hesablayanlar məşhur bir skripka və ya fortepiano çalanın və yaxud Qasımova bacılarının konsertinə gələnlərdən sorğu aparsalar nəticə necə olar? Düşünürəm ki, hər bir halda məsuliyyət verilişi hazırlayanların üzərindədir. Daha sanballı verilişlər fikirləşməli və onları necə maraqlı etmək barədə düşünmək lazımdır.

Biz indi təkcə yüzilliyin dəyişməsinin şahidi olmuruq, həm də miqyasına görə böyük telekommunikasiya dəyişikliklərinin şahidi oluruq. Mən Rabitə və İnformasiya Texnologiyaları nazirliyində çalışıram və görürəm ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları necə sürətlə inkişaf edir. Azərbaycana milyonlarla xeyir gətirəcək, nüfuzunu artıraraq ölkəmizi regionda lider edəcək böyük layihələr həyata keçirilir. Nazirliyin fəaliyyəti haqqında film hazırlayarkən ürəyimiz qurur hissi ilə dolur. Televiziyamıza da bütün dünyada baxırlar. Nəyə görə biz televiziyamıza görə fəxr etməməliyik?

- Nailə İslamzadə həyatda öz potensialını gerçəkləşdirə bilibmi?

- Hər bir insan 40 yaşını keçdikdən sonra dönüb arxaya baxmalı, həyatda nəyə nail olub-olmadığı haqda fikirləşməlidir. Düşünürəm ki, Allaha şükür, yaşadığım illəri boşuna yaşamamışam. Amma hələ özümü çox şeylər edə biləcək kimi hiss edirəm.

- Ədəbiyyata, poeziyaya münasibətinizi bilmək maraqlı olardı. Çağdaş ədəbiyyatımızı izləyirsinizmi?

- Mən ədəbiyyatı çox sevdiyim üçün filoloji instituta daxil olmuşdum. Hələ uşaq vaxtı bütün pullarıma kitab alırdım. Bəzən xirda kitabları elə kitab mağazasındaca oxuyurdum. Yay tətili günlərində demək olar ki, günlərim kitabxanalarda keçirdi. Ədəbiyyat böyük, dərin bir aləmdir. Mən çox təəssüf edirəm ki, indiki gənclərimiz bədii ədəbiyyatı az oxuyurlar. Bəlkə də təqsir biz böyüklərdədir, onlara bu sevgini aşılaya bilmirik. Mənim atam riyaziyyatçı olub, amma mən gözümü açandan onu bədii ədəbiyyat oxuyan görürdüm, hələ mənə də məsləhət verərdi ki, filan kitabı oxu. Düşünürəm ki, orta məktəbdə ədəbiyyat müəllimlərinin üzərinə böyük vəzifə düşür. Mənim rus dili və ədəbiyyatını bu qədər sevməyimə müəlliməm Qalina Fyodorovna səbəb olub desəm, yanılmaram. İndi ədəbiyyata həvəs sönüb, şəhərdə kitab mağazaları azdır. Sovet dövründə kimin evində olsaq mütləq kitab dolablarını görərdik. Burda təbliğat da böyük rol oynayır. Əvvəllər Dövlət televiziyasında “Kitab evi” adlı veriliş vardı. Orda yeni çıxan kitablar göstərilir, yazıçı və şairlər dəvət olunurdular. İndi də televiziyalar belə verilişlər hazırlasalar çox yaxşı olar. Təklif edərdim ki, radiolarda bütün gün verilən musiqiyə və SMS yığan boş-boş suallarla dolu verilişlərə arabir fasilə verib ədəbiyyatdan danışsınlar, əsərlərdən parçalar səhnələşdirilsin, fondumuzda olan əsərlər səsləndirilsin. Əvvəllər dövlət radiosu bunu edirdi.

- Qarşıidan “8 mart” – Beynəlxalq Qadınlar Günü gəlir. Bu münasibətlə Sizi Dünya Gənc Türk Yazarlar Birliyi adından təbrik edir və Azərbaycan qadınına sözünüzü eşitmək istərdik.

- Təbrikinizə görə təşəkkür edirəm. Azərbaycan qadını tarix boyu mərdliyi, saflığı, sədaqəti ilə milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. “Kitabi Dədə Qorqud”da qadın surətləri, Nizaminin əsərlərində Məhinbanu və Nüşabə kimi hökmdarlardan tutmuş orta əsr tarixlərində və XIX əsrdə qadınlaımız Azərbaycanın ictimai və siyasi həyatında fəaliyyət göstərmiş və göstərməkdədir. Bunlar öz yerində. Mən uzun illər televiziyada “Ailələr, talelər” verilişinin müəllifi olaraq Azərbaycanın bütün bölgələrindən qadınlardan məktub alır və onlarla görüşürdüm. Qadınlarımızın problemlərini yaxşı bilirəm. Hər şeydən əvvəl mən hər bir xanımımıza əsl qadın səadəti arzulayıram.

- Sonda vaxt ayırıb suallarımızı cavablandırdığınıza görə Sizə təşəkkür edirəm.

- Sağ olun.

Söhbətləşdi: Namiq Hacıheydərli

Qaynaq: DGTYB.org

Oxunma sayı: 32
Açar sözler: , ,

"“Ədəbiyyat müəllimlərinin üzərinə böyük vəzifə düşür” (Foto)" yazısı için 1 yorum var:

  1. Azər Həsrət diyor ki:

    Nailə xanım doğrudan da Azərbaycan TV-sinin ən gözəl simalarından biridir. Təəssüf ki, bu gün TV-də deyil. Tamaşaçılar həqiqətən də onun kimi simalardan ötrü darıxırlar. Gör indi kimlərdir efirdə! Bazar arvadları kimi qeybət edənlər, səviyyəsiz, savadsız, bir çox hallarda isə həm də eybəcər və ləhcə ilə danışan alayarımçıq gənclər. Nəysə, biz bu cür insanlara sahib durmasaq, başqaları heç sahib durmaz. Nə yaxşı ki, heç olmasa bir müsahibə almısınız.

Yorum yazabilirsiniz