Home » AZÄRBAYCAN, Baş Yazı, Haberler, ÖZBEKİSTON » Əmir Teymur haqqında yeni (əsassız) iddia

Əmir Teymur haqqında yeni (əsassız) iddia

Əmir Teymur

Böyük bir türk imperiyası yaradan Əmir Teymur haqqında yeni faktlar ortaya çıxıb. İddialara görə, Əmir Teymur Azərbaycanın Şabran rayonunun Quba ilə sərhədinin yaxınlığında yerləşən və o dövr üçün şəhər sayılan Nohurlar kəndi ərazisini işğal edib. Rayon mərkəzindən 40-45 km aralıda yerləşən dağ kəndi Nohurlar və ətrafdakı Çinarlar kəndində bunu hər kəs bilir. Verilən açıqlamaya görə, 14-cü əsrin ikinci yarısından sonra Əmir Teymur Nohurlar kəndinin Qaravulxana adlanan ərazisini də darmadağın edib.

Teymurun işğal etdiyi qədim şəhərin özünə gedib çıxa bilmək bu gün müşkül məsələdir. Çünki indi ərazinin yolunu sıx meşəlik basıb. Təxminən 4-5 ildir yol tamamilə bağlanıb.

Taxtalar kənd bələdiyyə sədri Vahid Aslanov Teymurun şəhəri tamamilə dağıtdığını bildirir. Nohurlar kəndinin üst hissəsində yerli əhalinin tat dilində “gundahar” adlandırdığı, Azərbaycan dilində “qaya dibi” mənasını verən ərazidə qədim bir bulaq da var.

Şabran icra başçısının Düzbilici kənd üzrə nümayəndəsi Cəbrayıl Camayev Teymurun adına əlavə olunan “ləng” ləqəbinin tat dilində axsaq mənasını verdiyini bildirib. Onun sözlərinə görə, Teymura “topal” ləqəbini də məhz tatlar qoyub.

Qeyd edək ki, Nohurlar kəndi indi xarabalığı xatırladır. 1961-ci ilə qədər 500 təsərrüfatı olan bu dağ kəndində indi qədim evlərin qalıqları qalır. Çünki 1961-ci ildə sovet siyasətinin köçürülmə siyasəti nəticəsində əhali o zamankı Dəvəçinin, indiki Şabranın Dəvəçi kəndi ərazisinə köçürülüb. Orada yaşayış olmadığından evlər dağılıb. Urbanizasiya qurbanı olmuş sakinlər aran zonasında yerləşib. Kənd boşalsa da, Nohurlar ərazisində Teymurlənglə bağlı faktlar hafizələrdən silinməyib.

Amma təəssüf ki, Teymurləngin buranı işğal edərək hərbi düşərgə salması barədə tarixi mənbələrdə heç bir məlumat yoxdur. Nohurlar kəndində indiyədək heç bir arxeoloji qazıntı aparılmayıb. Artıq Şabran rayon İcra Hakimiyyəti tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə bu barədə məlumat göndərilib. Nazilrikdən aldığımız məlumata görə, yaxın günlərdə əraziyə ekspedisiya qrupu göndəriləcək (ANS).

Yalquzaq.com: ANS TV-nin yayımladığı bu xəbər diqqətə layiq olsa da burada açıq-aydın şişirtməyə yol verilir. Əmir Teymurun Teymurləng adlandırılmasıyla bağlı xəbərdə irəli sürülən iddianın heç bir əsası yoxdur. Çünki Quba dağlarında yaşayan tatların həmin dövrdə dünya ilə birbaşa əlaqəsi olmadığından onların hər hansı sərkərdəyə, özü də Əmir Teymur kimi nəhəng tarixi şəxsiyyətə verdiyi ləqəbin ayaq tutub yeriməsi mümkün deyildi. “Ləng” sözünə gəlincə, nəzərə almaq lazımdır ki, Əmir Teymur Orta Asiya türklərinin yetirməsidir və tatcanın da daxil olduğu fars dilləri həm də həmin bölgədə yayılıb. İndinin özündə belə Özbəkistanda fars ailəsindən tacik dilində danışan insanlar yaşamaqdadır. Bundan başqa təxminən 5 milyon əhalisi olan Tacikistanın dövlət dili tacikcədir ki, “ləng” sözünün onlardan gəlmə ehtimalı daha çoxdur. Ancaq bu da əsas sayıla bilməz. Çünki “ləng” sözü türk dillərinə Əmir Teymurdan yüz illər öncə daxil olub və bu böyük sərkərdə tarix səhnəsinə çıxarkən həmin kəlmə bir türk sözü qədər hər kəsə məlum idi. Ona görə də belə iddia edilir ki, Əmir Teymura Teymurləng adını elə özbəklərin özləri qoymuşlar. Ancaq qərb mənbələri iddia edir ki, Teymurləng adı məhz İrandakı fars dilindən gəlmədir və bu adı da ona farslar qoyub. Belə tarixi fakt varkən Qubanın dağlarında yaşayan və ətraf aləmlə demək olar ki, əlaqəsi olmayan tatların bu böyük sərkərdəyə ad verdiyini və həmin adın da ayaq tutub yeridiyini iddia etmək doğru bir yanaşma deyildir.

Oxunma sayı: 42669
Paylaş/Saxla

2 yorum var

  1. Aysel diyor ki:

    cok kotu diyil

  2. Heydər Mirzəyev diyor ki:

    cox pisssss

Yorum yazabilirsiniz

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress
%d bloggers like this: