Home » AZÄRBAYCAN, Baş Yazı, Söyleşi » Koroğlu folklorumuzun zirvə hadisələrindən biridir

Koroğlu folklorumuzun zirvə hadisələrindən biridir

Koroğlu

Tarixin müxtəlif dövrlərində öz qəhrəmanlıqları ilə seçilən, Azərbaycan xalqının rəmzinə çevrilmiş çoxsaylı tarixi qəhrəmanlarımız olub. Bu qəhrəmanların bu gün yaddaşlarda yaşadılması və gənc nəsildə onlar haqqında ətraflı məlumatın olması üçün dövlətimiz tərəfindən bir sıra məqsədyönlü layihələr həyata keçirilir. Belə ki, ötən il Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında ölkə Prezidenti sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Eyni zamanda Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılmasıda sözügedən sərəncamda öz əksini tapıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər QOŞALI mövzu ilə bağlı “Paritet” qəzetinin suallarını cavablandırmışdır:

-Ölkə Prezidentinin Bakıda Koroğlunun abidəsinin ucaldılması ilə baglı sərəncamını nece dəyərləndirirsiniz?

-Prezidentimizin paytaxda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı sərəncamını, bir vətəndaş olaraq, QHT rəhbəri və yazar olaraq böyük fərəh və şükranlıq hissləri ilə alqışlayıram. Hər nə qədər mifləşmiş, əfsanələşmiş olsa da Koroğlu obrazı, ümumən, belə deyək, Koroğluluq ulusumuzun qan yaddaşına, ruhuna hopub. Koroğlu oğuzların ortaq hadisəsi, eyni adlı dastan oğuzların, ümumən Türk Dünyasının ortaq abidəsidir. Bu anlamda, Türk Dünyasının, ümumtürk coğrafiyasının ən önəmli ölkəsi olan Azərbaycanın paytaxtında Koroğlunun abidəsinin ucaldılması özəl anlam daşıyır. Dünənə qədər yad heykəllərin ucaldığı paytaxt şəhərimizdə artıq çoxdan öz qəhrəmanlarımızın abidələşməsinin, öz ruhumuzun təcalla etməsinin vaxtıdır… Ayrıca, heç kəsə gizlin deyil ki, şəhərimiz dünyanın ən gəlimli-gedimli şəhərlərindən biri, hər gün yüzlərlə xarici qonağın üz tutduğu məkan olaraq məhz milli tarixi, özgü mədəniyyətimizi əks etdirən abidələrlə, tikililərlə, milli ornametlərlə nə qədər süslənsə bir o qədər yaxşıdır. Bayraq Meydanının açılışının ardınca, xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması barədə müvafiq qərarın qəbul edilməsi Prezidentimizin milli dəyərlərə, xalqın istək və arzularına nə qədər həssas münasibət bəslədiyini mox bariz şəkildə ifadə etməkdədir.

-Koroğlunun folklorumuzda yerini necə təsvir edərdiniz?

-Koroğlu bir xalq qəhrəmanıdır. Bəlli olduğu kimi, folklor da xalqın şifahi poetik yaradıcılığını ehtiva edir. Folklorda şərtiliklər, variantlılıqlar mövcud ola bilir. Folklorun yaranma prosesi bütün tarix boyu sürür, nəsillər, dövrlər ora yeni-yeni örnəklər gətirir. Koroğlu folklorumuzun zirvə hadisələrindən biridir. Koroğluda da variantlılıqlar mövcuddur. Bəlli olduğu kimi, az qala hər aşığın, hər dastançının öz Koroğlusu var. Bu isə artıq Koroğluşünaslığın predmetidir. Yeri gəlmişkən, yeni nəsil aydınlarımızdan Koroğluya daha çox müraciət edən araşdırmaçı-yazarlarımız İslam Sadığın, gənc tədqiqatçı Ceyhun Bayramlının adlarını sayğı ilə çəkmək istərdim. Türkiyə yeni nəsil yazarlarından isə dr. Ənvər Uzunun araşdırmaları diqqəti cəlb edir. Bilirsiz, yeni nəsil sözünə niyə vurğu yapıram? –Məncə, Koroğlu da, “Koroğlu” da sosializm realizimindən kənar yeni baxış tələb edir. Adını çəkdiyim gənc tədqiqatçı Ceyhun Bayramlının 2010-cu ildə işıq üzü görmüş “Dastan ədəbiyyatımıza kənar təsirlər” kitabını bu baxımdan olumlu bulduğumu demək istərdim.

İnanıram ki, dövlət başçımızın Koroğlunun abidəsinin ucaldılması haqqında sərəncamı yalnız bir abidənin ucaldılması ilə sonuclanmayacaq, Koroğluya müraciətlərin sayını artıracaq, keyfiyyət təzələnməsini şərtləndirəcək.

-Koroğlu abidəsinin necə olmasını istərdiniz?

-İlk növbədə onu vurğulamalıyıq ki, respublikamızda kifayət qədər usta heykəltaraşlar, istedadlı rəssamlar var və onların bir xalq qəhrəmanının obrazını yaratmaları yaxud mövcud obrazın təkmilləşdirilməsi çətin məsələ deyil. Mənə qalsa, Koroğlunun məhz ortaq türk hadisəsi, xalqın arzularının ifadəçisi, yadellilərə qarşı döyüşən, ədaləti müdafiə edən comərd, həm də yaradıcı insan kimi, “igidin qardaşı Qırat”ın belində şəkilləndirilməsinin tərəfdarı olardım.

-Başqa hansı tarixi şəxsiyyətərin abidəsinin ucaldılmasını istərdiniz?

-Uzaq tarixdən Babəkin, yaxın tarixdən Nuru Paşanın heykəlinin ucaldılmasını arzulayardım.

GÜNAY

Qaynaq: Paritet qəzeti

Oxunma sayı: 3750
Paylaş/Saxla

Yorum yazabilirsiniz

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress
%d bloggers like this: