Azər HƏSRƏT
Əvvəl günləri sayırdı. Deyirdi ki, nə bilim, əlli gün qaldı, qırx beş gün qaldı, otuz gün qaldı. Elə hey sayırdı. Usanmadan, bir az da elə bil səbirsizliklə sayırdı. O saydıqca mənim yadıma bir lətifə düşürdü. Hamının bildiyi məşhur lətifədə iki nəfər körpü üstündə rastlaşırmış. Onlardan biri elə hey on beş rəqəmini təkrarlayırmış. Körpüyə yanaşan adam soruşanda ki, nə sayırsan, “sayğac” qoçaq götürüb onu çaya atır və deyir, sən də oldun on altıncı.
…Bizim qəhrəman da sayırdı. Ancaq körpü üstündəki adamdan fərqli olaraq tərsinə sayırdı. Onun rəqəmləri azalan istiqamətində gedirdi. Öncə nə saydığını heç anlamamışdım. Bir az da qəribə gəlmişdi mənə. Sonra səbəbini öyrənəndə utanan kimi də olmuşdum. Öz-özümə demişdim ki, biz heç axı ətrafımıza yaxşı diqqət eləmirik. Dostlar, tanışlar, həmkarlarla bağlı nə qədər yaddaqalan hadisə baş verir, arxadaşlarımız nə qədər uğurlar qazanır, bizsə heç görmürmüş kimi davranırıq. Hə, düzdür, Tanrı göstərməsin, bir yas düşəndə hamımız toplaşırıq, hal-əhval da tuturuq. Bu anlamda rəhmətə gedən adama doğrudan da rəhmət düşür. Əlbəttə, bu cür itki ağırdır, ancaq nə edəsən ki, bunda da bir xeyir olur hər zaman…
Yenə də elə bil xəyala dalar kimi oldum. Deyirdim axı, bizim qəhrəman saymağa davam edirdi. Saydıqca saylar azalırdı. Hətta bir gün o saylar sıfra endi belə…
Qəhrəmanımız saymağında olduğu bir zamanda bir də ortalığa tərkidünyalıq, niskil, həsrət, bilməm daha nə qədər bu dürdən olan nəsnələr çıxdı. Bir baxdım ki, bu adam elə bil dünyadan əlini üzüb. Həyatda nə üçün yaşadığını, ümumiyyətlə yaşayıb yaşamamağa dəyib dəymədiyini belə dartışır hala gəlib. Uzaqdan da olsa hiss edirdim ki, bu adam sanki dərin bir quyunun dibinə düşüb, çıxmaq imkanı yox kimidir. Orada uzun-uzun ömür sürmənin də bir faydası yox. Yatır, durur, elə hey ətrafa niskil püskürür. Düzü, bu durumun ətrafdakıları o qədər də ilgiləndirdiyini sanmıram. Sadəcə mən bir ruh adamı və bizim qəhrəmandan bu məsələdə daha təcrübəli olduğuma görə onu uzaqdan da olsa yaxşı anlayırdım…
…Hələ subay idim. Yaşım da otuza doğru gedirdi. Əslində gənclik əldən gedirdi desəm daha doğru olar. Elə hey gedirdi. Özü də bir göz qırpımında gedirdi. Sivişib əlimdən çıxırdı. Tutub saxlasammı deyə düşünürdüm, ancaq faydası yoxdu ki. Zaman dayanmaz ki, onsuz da. Hə, o zamanlarda mən də bizim qəhrəmanın gününə düşər oldmuşdum. Tərkidünyalıq ruhumu sökürdü. Həyatım çox qaynar, çarpışmalar içində keçirdi. Amma bəzən içimdəki bir duyğu mənə deyirdi ki, nə üçün çarpışırsan? Nəyə nail olmaq istəyirsən ki? Guya sən çarpışmasan dünya dağılacaq? Belə hislərlə bir müddət mən də uğraşmışdım. Əslində, bəlkə də onlara vaxt ayırmamaq olardı. Ancaq nə edəsən ki, hər kəs dünyaya bir dəfə gəlir və yaşamın hər anı onun üçün təptəzə bir təcrübə olur. Bir sonrakı an yeni və heç zaman yaşanmamış olduğundan heç bilmirsən ki, nəyi necə edəsən. Ona görə də adamın ağlına min cür axmaq fikir gəlir. Hətta bəzən adam ölmək eşqinə düşür. Düşünür ki, ölməklə qalmağın fərqi yoxsa, yaşayıb özünü yormağa da hacət yox ki…
…Qəhrəmanımız da, duyduğum qədərincə, bu cür hislərə qapılmışdı. Ona elə gəlirdi ki, sayıb qurtarıb artıq. Az qala tərkidünya hala da gələcəkdi bir ara. Halbuki əsl həyatı, özü də daha müdrik, daha təmkinli həyatı qabaqdadır hələ. Bunu anlamaqda, anlayıb da içinə sindirməkdə çətinlik çəkirdi. Ancaq zaman da ən yaxşı çarədir deyirlər ha. Zaman işini gördü. Qəhrəmanımız daha saymır. Başını aşağı salıb həmişəki kimi öz işilə məşğuldur. Ara-sıra da əlaqə saxlayırıq, görürəm, işlər qaydasındadır.
…Mən də deyəsən axı lap duyğuların içinə dalmışam, əsas məsələ yaddan çıxıb. Yazdıqlarım Anara aiddir. Bizim Anarımıza. Mənim çağdaşlarımın Anarına. Düzdür, bizim gənc yazarların altmışıncılar, yetmişincilər deyə adlandırdığı nəslin Anarına da heç bir iradım yoxdur. Ancaq öz Anarımızın olması da mənim üçün xoşdur.
Anar Yusifoğlu. Bu il otuz beş yaşını doldurdu. Gənclikdən yetişkinliyə doğru yol aldı. Keçdi bu yolu. Bir az həsrət, bir az niskil, bir az da tərkidünyalıq kimi bəzən xoş, bəzən də xoş olmayan duyğuların müşayiəti ilə keçdi. İndi ondan daha müdrik, daha ağır, daha təmkinli davranması gözlənilir. Axı gənc deyil artıq…
Gənclik də gənclik zamanında yaxşıdır. Öz təcrübəmdən bilirəm ki, gənclikdən sonrakı dövrdə insan uyğun davranış çərçivəsində hərəkət edəndə heç də keçmişin həsrətini çəkmir. Özünü daha da güvənli hiss edirsən. Xüsusən də gənc dediyin adamlar sənə bir müdrik böyükləri kimi baxanda. Deməli gənclik nə qədər xoş yaşam kəsimidirsə, ondan sonrakı kəsim daha da xoşdur. İndi bu Anara da deyərdim ki, otuz beşi keçmisənsə, deməli ən azından daha bir otuz beşi keçəcəksən. Heç yaş-maş fərqinə baxma. Həyatın hər dönəmi gözəldir. Yəni deyirəm ki, yaşamağa dəyər vallah.
Oxunma sayı: 106






